Qəzzada “World Central Kitchen” xeyriyyə yardım təşkilatının əməkdaşlarının öldürülməsi hərtərəfli şəkildə araşdırılacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail XİN başçısı “X” hesabında yazıb.
“Qəzzada öldürülən WCK xeyriyyə yardım təşkilatı işçilərinin ölkələrinə və ailələrinə başsağlığı verirəm. İsrail Müdafiə Qüvvələri (IDF) və səlahiyyətli şəxslər mülki şəxslərə zərər vurulmasının qarşısını almaq üçün hər şeyi edir və edəcəklər. Bu hadisə gələcəkdə xeyriyyə işçilərinin təhlükəsizliyini zəmanət altına almaq üçün lazımi nəticələrin çıxarılması məqsədilə ixtisaslı orqanlar tərəfindən araşdırılacaq”, – o qeyd edib.
Bundan başqa, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari yaydığı videomüraciətdə WCK-nin təsisçisi ilə əlaqə saxladığını və başsağlığı verdiyini bildirib.
O bildirib ki, hadisənin necə və hansı şəraitdə baş verdiyini araşdırmaq üçün ən yüksək səviyyədə araşdırma başladılıb. “Biz bu ciddi insidenti daha dərindən araşdırmaq üçün istintaq başladacağıq və bu, bizə gələcəkdə oxşar insidentlərin qarşısını almağa imkan verəcək. Bu, fakt-araşdırma və qiymətləndirmə mexanizmi əsasında aparılacaq. Bu araşdırmanı müstəqil, professional ekspertlər aparacaq”, – Haqari vurğulayıb.
Azinformasiya.az