Sosial şəbəkələrdə “Whatsapp” istifadəçilərinə qarşı kiber təxribatlar olduğu barədə məlumatlar yayılır. Təxribatlar nəticəsində istifadəçilərin hesabı oğurlanır, yəni ələ keçirilir.
Azinformasiya.Az xəbər verir ki, texnobloger Fərid Pərdəşunas prosesin necə baş verməsini izah edib.
“Təxribatı törədən şəxs sizin nömrəniz ilə başqa telefonda “whatsapp”dan qeydiyyatdan keçir. Bu zaman sizin smartfona təsdiqləmə kodu gəlir. Çox adam bu koda fikir vermir. Üstündən az bir müddət keçməmiş sizin “whatsapp” nömrənizə başqa bir Azərbaycan nömrəsindən mesaj gəlir ki, “əlim dəydi səhvən sizin nömrəyə getdi kod, zəhmət olmasa o kodu mənə göndərə bilərsiniz?”. Beləliklə siz o kodu göndərən zaman, qarşı tərəfə öz hesabınızı öz əllərinizlə vermiş olursunuz.
Bura qədər hər şey bəsitdir. Kim bunu edər deyirsiniz? Amma təxribat zəncirvaridir. Bir nəfərin “whatsapp”ı ələ keçəndən sonra artıq həmin adamın nömrəsindən onun tanışlarına yazılmağa başlanır ki, qardaşım, bəs sənə kod göndərdim, əlim dəydi səhvən. Onu mənə göndər. Məsələn, əgər mənim hesabım oğurlanıbsa, bundan sonra mənim tanışlarıma hücum olunur. Tanışlarım da mənə güvəndiyi üçün kodu mənə verirlər. Bu məşhur sosial mühəndislik nümunəsidir. Hazırda zərər çəkənlər var. Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm”, – F.Pərdəşunas bildirib.