Von der Leyen: Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya silah almaq üçün istifadə etməyi nəzərdən keçirməlidir

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya hərbi təchizat almaq üçün istifadə etməyi nəzərdən keçirməlidir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Avropa Parlamentində çıxışında bildirib:

“Rusiyanın dondurulmuş aktivlərinin gəlirindən Ukraynaya hərbi texnika almaq üçün istifadə etmək barədə söhbətə başlamağın vaxtıdır. Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz məkana çevirmək üçün bundan daha güclü simvol və bu puldan daha böyük fayda ola bilməz”.

Von der Leyen Aİ üçün müharibə təhlükəsinin “qaçılmaz ola biləcəyini, ancaq eyni zamanda, qeyri-mümkün olmadığını” da deyib.

“Müharibə riskləri artırılmamalıdır, ancaq onlara hazır olmaq lazımdır və bu, üzv dövlətlərin silahlı qüvvələrinin yenidən qurulması, hərbi arsenalının artırılması və modernləşdirilməsindən başlayır”, – Ursula von der Leyen vurğulayıb.

Bundan başqa, von der Leyen Komissiyanın yaxın həftələrdə təqdim edəcəyi yeni Avropa Müdafiə Sənayesi Strategiyası barədə də danışıb və deyib ki, onun əsas məqsədlərindən biri birgə satınalmalara üstünlük vermək olacaq:
“Avropa döyüşlərdə qalib gələn yeni nəsil əməliyyat imkanlarını inkişaf etdirməyə və istehsal etməyə çalışmalıdır. Bu, növbəti beş ildə müdafiə sənayesi imkanlarımızı təmin etmək deməkdir”.

Onun sözlərinə əsasən, Avropanın müdafiə sahəsində göstərdiyi səylər NATO-ya ehtiyacı azaltmayacaq: “Əslində, daha suveren Avropa, xüsusilə də müdafiə sahəsində, NATO-nun güclənməsi üçün həyati əhəmiyyət kəsb edir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir