Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualına cavabında bildirib.
“Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb.
Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, – XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsi zamanı, Rusiyanın sülhməramlı kontingenti bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsində olduğunu bildirib.
Azinformasiya.az