“Azercell Telecom” MMC inzibati qaydada 10 min manat cərimə edilib.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, şirkət ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.
Nərimanov Rayon Məhkəməsi “Azercell Telecom”u İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə təqsirli bilərək, 10 000 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti verib.
Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin səhmlərinin 51,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə, 42,2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6,5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.