Moskva İrəvanın Bakı ilə sülh müqaviləsində “reqressiya” ilə bağlı bəyanatları ilə ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononun Ermənistana səfəri arasında əlaqə olduğunu istisna etmir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyanın “Vaşinqton və Brüssel danışıqlar meydançaları beynəlxalq nüfuza malikdir və bu danışıqlara legitimlik əlavə edir” bəyanatını şərh edib:
“Bilirsiniz, Qərbin xoşuna gəlmək səyləri absurd həddə çatmamalıdır. Mənə elə gəlir ki, bu cür bəyanatlar səsləndirənlər hissiyyatlarının həddini itiriblər. Bu məsələ Ermənistanın özü üçün vacibdir. Cənubi Qafqazda həqiqi dayanıqlı sülhün bərqərar olması üçün yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks razılaşmalarıdır. Vaşinqton və Brüssel birbaşa onların (üçtərəfli razılaşmaların-red.) üzünü köçürüblər. Kim Vaşinqton və Brüssel danışıqlarının daha çox legitimliyindən danışır, bunu onlara xatırladıram. Bu “psevdo vasitəçi”lərin hansı legitimliyindən söhbət gedə bilər?”
Rusiya XİN sözçüsü ABŞ-nin rəhbərliyi ilə kollektiv Qərbi beynəlxalq hüququ açıq şəkildə pozmaqda, müharibələri, münaqişələri təhrik etməkdə, rəngli inqilablar təşkil etməkdə ittiham edib.
Zaxarova Qərbyönümlü siyasət yürüdən Ermənistan hakimiyyətinə xəbərdarlıq da edib: “Xatırladıram ki, Yaxın Şərqin, Fars Körfəzinin xalq tərəfindən seçilmiş, legitim, qanuni hakimiyyətləri 10 illiklər ərzində Ağ Evin ən yaxın tərəfdaşları, müttəfiqləri idilər. Ancaq sonra elə məhz həmin Ağ Ev tərəfindən öz vəzifələrindən devrildilər. Ona görə də, bir daha deyirəm ki, bu yalnız bizim qiymətləndirməmiz deyil, bu, Ermənistanın özünün milli maraq, milli təhlükəsizliyi məsələsidir”.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Yunanıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib ki, Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, habelə bir sıra digər sahələrdə müəyyən irəliləyiş gördüklərini bəyan edib.
Azinformasiya.az