Dekabrın 4-də “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti başa çatıb.
“Azinformasiya.Az” xəbər verir ki, mart ayında Milli Məclisin plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddəti 9 ay, yəni bu il dekabrın 4-dək uzadılıb.
Qanun müddətinin yenidən uzadılması ilə bağlı iqtisadıçı Samir Əliyev bildirib ki, hələ ki, hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməyib:
“Böyük ehtimalla müddət daha uzadılmayacaq. Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələ ki, bu barədə xəbər yoxdur”.
Xatırladaq ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. Həmin tarixdən isə bütün əmanətlər tam sığortalanırdı. Qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.