Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Katalin Novak, ailə dəyərlərinə böyük önəm verən Macarıstanın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycanın iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Katalin Novak, qarşılıqlı səfərlərin bu əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb.
O, ölkələrimizin müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığını qeyd edib.
Prezident Katalin Novak xalqımızın zəngin milli-mənəvi dəyərlərə malik olduğunu vurğulayaraq, qeyd edib ki, Azərbaycan xalqı da macar xalqı kimi, ailə dəyərlərinə çox böyük önəm verir.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Macarıstan Prezidentinə çatdırıb.
5-ci Budapeşt Demoqrafik Sammitinin çox mühüm beynəlxalq forum olduğunu bildirən spiker Sahibə Qafarova əlavə edib ki, Azərbaycan Macarıstanın cəmiyyətin əsas vahidi kimi ailələri qorumaq və dəstəkləmək səylərini yüksək qiymətləndirir.
Sammit haqqında təəssüratlarını bölüşən Sahibə Qafarova həm dövlət başçısının, həm də Baş nazir Viktor Orbanın ailə dəyərləri haqqında fikirlərinə toxunaraq, bildirib ki, Azərbaycan və Macarıstanın bu mövzuda mövqeləri üst-üstə düşür və bu məsələlərdə birlikdə fəaliyyət göstərmək vacibdir. Ailə dəyərləri Azərbaycan cəmiyyəti üçün çox önəmlidir və dövlətin himayəsindədir.
Azərbaycan və Macarıstanın dövlət başçıları arasında ailə dəyərlərinin qorunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldığı da xatırlanıb. Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan və macar xalqları oxşar ailə dəyərlərini bölüşür. Bu gün həm Macarıstan Prezideti və Baş nazirinin, həm də Azərbaycan Milli Məclis sədrinin çıxışlarında iki ölkənin eyni ailə dəyərlərinə malik olması vurğulanıb.
Görüşdə həmçinin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu ifadə olunub. Vurğulanıb ki, ölkələrimiz arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur.
Sahibə Qafarova ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişaf etdiyini vurğulayıb. O, 2021-ci ildə Macarıstana baş tutmuş səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, parlamentlərimiz bir çox beynəlxalq parlament təşkilatları çərçivəsində yaxşı səviyyədə əməkdaşlıq edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Azinformasiya.az