Qış mövsümünün başlamasından 20 gün keçməsinə baxmayaraq “Azəristiliktəchizat” ASC bəzi binalara hələdə istiliyin verilişini təmin etməyib.
Redaksiyamıza vətəndaşlar tərəfindən Azəristiliktəchizat ASC-in bəzi binalara hələdə istiliyin verilişini təmin etmədiyi barədə məlumat daxil olub. Qeyd olunan məlumatlarda bildirilir ki, istilik mövsümünün başlamasından artıq 20 gün keçməsinə baxmayaraq sözügedən qurum Yasamal rayonu, N.Hikmət küçəsi bina 74 (əvvəllər 32) ünvanında istiliyin verilişini hələdə təmin edə bilmir. Dəfələrlə vətəndaşlar tərəfindən quruma müraciətlər olunsada müxtəlif “yara sağaltmayan” cavablar alınıb. Məsələ ilə bağlı qurumun ərazi üzrə sahə rəisi İlham müəllimlə bir neçə dəfə əlaqə saxladıq. Qurum rəsmisi isə bizə ilk dəfə “Məsələdən xəbərdarıq, problem bir neçə günə həllini tapacaq və binaya istilik veriləcək deyə bildirsədə qeyd etdiyi müddət keçdikdən sonra əlaqə saxladıqda “Mövzu ilə bağlı idarəyə məlumat vermişik, cavab gözləyirik” deyə bildirdi. Bəs məsələ nə vaxt həllini tapacaq deyə soruşduqda isə “Problemin həlli ola bilər 1 ay, ola bilər sezon boyu çəksin” deyə cavab aldıq.
Qeyd edək ki, keçən istilik mövsümünün son tarixinin 15 aprel müəyyən edilməsinə baxmayaraq binaya ən son istilik boruların partlaması səbəbilə 15 martda verilib.
Maraqlıdır, pandemiyanın tüğyan etdiyi bir zamanda sözügedən qurum necə bu qədər məsuliyyətsiz davrana bilir?! 15 martdan 15 noyabradək 8 ay keçməsinə baxmayaraq qurum hələdə təmir üçün tələsmir…
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.