Hikmət Hacıyev: Ermənistan keçmişdə törətdiyi vəhşiliklərə görə üzr istəsə, Azərbaycanla sülh mümkün olacaq

“Ermənistan keçmişdə törətdiyi vəhşiliklərə görə üzr istəsə, Azərbaycanla sülh mümkün olacaq”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News” nəşrinə müsahibəsində bildirib.

Hikmət Hacıyevin sözlərinə əsasən, iki ölkə arasında imzalanacaq sülh müqaviləsi Cənubi Qafqazın mənzərəsini dəyişəcək, ancaq indi sıra Ermənistandadır.

O bildirib ki, Azərbaycanın Ermənistanı Qarabağda yaşayan 120 min etnik erməni ilə birləşdirən tək yolu bağlaması, ərzaq, dərman və başqa zəruri əşyaların çatdırılmasının qarşısını alması ilə bağlı fikirlərə qarşı əsaslandırılmamış və sübutsuz iddialardır: “Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin sıxışdırılması və blokadaya alınması yoxdur. Azərbaycan bir neçə yol təklif edir və əsas yollardan biri də Ağdam-Xankəndi yoludur. Bu, daha səmərəlidir və Qarabağ regionu ilə əlaqə yaratmaq üçün daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”.

Prezidentin köməkçisi vurğulayıb ki, hazırda Laçın-Xankəndi yolu işlək vəziyyətdədir: “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Komitəsinin konvoyları bu yolla hərəkət edir, ancaq biz Ağdam-Xankəndi yolunun açılmasını təklif edirik. Bu yolun açılması inteqrasiyanı təmin edəcək və beləliklə də Azərbaycanın Xankəndinə birbaşa çıxışı, Qarabağ erməniləri ilə birbaşa əlaqəsi olacaq. Qarabağdakı ermənilər də öz növbəsində Azərbaycanın digər bölgələrinə getmək üçün ölkəmizin əsas yol sistemindən istifadə etmək imkanı əldə edəcəklər”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir