Rusiya XİN Lavrov-Fidan danışıqlarının əsas müzakirə mövzularını açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov və Hakan Fidan arasında sabaha planlaşdırılan danışıqların əsas müzakirə mövzularını açıqlayıb.

 

Azinformasiya.az xəbər verir ki, Rusiya XİN-nin yaydığı məlumatda bildirilib ki, nazirlər geniş spektrli aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Ukraynada, Cənubi Qafqazda, Yaxın Şərq və Şimali Afrika regionunda, Mərkəzi Asiya və Qara dəniz regionunda vəziyyətlə bağlı “saatların sinxronizasiyası” həyata keçiriləcək.

“Görüşdə Ukrayna böhranının hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, onun siyasi və diplomatik yolla həllinin mümkün üsulları müzakirə olunacaq. Nazirlər humanitar məsələlərə, eləcə də hərbi əsirlərin mübadiləsinə toxunacaq, hər iki tərəfin bu sahədə əldə edilmiş razılaşmalara əməl etməsinin vacibliyini vurğulayacaqlar. Rusiya tərəfi Ankara ilə Kiyev arasında hərbi-texniki əməkdaşlığın qurulmasının zərərli olması mövzusunu da qaldırmağı planlaşdırır.

Bu il iyulun 18-də taxıl sazişinin fəaliyyətini dayandırdıqdan sonra yaranmış vəziyyət də müzakirə olunacaq. Rusiya Müdafiə Nazirliyinin 19 iyul tarixli bəyanatında öz əksini tapmış Rusiyanın mövqeyini bir daha Türkiyə tərəfinin diqqətinə çatdırılacaq.

Rusiya və Türkiyənin xarici işlər nazirləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Qatarın maliyyə dəstəyi ilə 1 milyon ton Rusiya taxılının Türkiyəyə güzəştli qiymətə tədarükünün təşkili və ən ehtiyacı olan ölkələrə daşınması təşəbbüsünün həyata keçirilməsi üçün parametrlər üzərində işləmək arzusundadırlar. Biz bu layihəni Qara dəniz taxıl sazişinə optimal işləyən alternativ hesab edirik.

Xarici işlər nazirləri 2022-ci ildə Moskvada başlanan Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə diqqəti artıracaqlar.

Birinci enerji bloku yüksək hazırlıq vəziyyətində olan Akkuyu AES-in tikintisi, “Türk axını” qaz kəmərinin istismarı, Türkiyə ərazisində qaz qovşağının yaradılması kimi strateji layihələrdə birgə işin aparılması məsələlərinə də toxunulacaq.

Ümid edirik ki, Rusiya və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək danışıqlar ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etməsinə mühüm töhfə verəcək”, deyə Rusiya XİN-nin məlumatında diqqətə çatdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir