Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid edib

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan Bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı mesajında bildirib ki, bugünkü erməni dövlətçiliyinin əsasını qoyan sənəd ölkə tarixində dönüş nöqtəsi olub və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib.

Ermənistan hökumət rəhbəri bildirib ki, o, Bəyannamənin mətnini 2020-ci il müharibəsindən öncə və xüsusilə də ondan sonra dəfələrlə təkrar oxuyub.

“Bu Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”, – Paşinyan vurğulayıb.

Paşinyanın sözlərinə əsasən, bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etməsinə rəğmən, həmçinin ondan çıxmaq üçün bütün yolları da bağlayıb.

Ermənistan Baş naziri bildirib ki, “XX əsrin sonunda qəbul edilən bəyannamə ilə Ermənistan 20-ci əsrin başlanğıcında onun ölkəsinin müstəqilliyini itirməyə aparan düsturu bir daha qəbul edib.
Nikol Paşinyan söyləyib ki, bu sənədin dərin təhlilə ehtiyacı var, çünki bu, qəbul olunduqdan sonra bütün sonrakı nəticələri olan siyasi sənəddir.

“İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Biz sülhə müvəffəq olsaq, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında uçacaq”, – Paşinyan diqqətə çatdırıb.

Baş nazir qeyd edib ki, o, müstəqilliyi, suverenliyi, demokratiyanı seçir.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir