Ukrayna Rusiya ilə danışıqlara vasitəçinin köməyilə başlamağa hazırdır, amma əvvəlcə rus qoşunları ölkə ərazisindən çıxarılmalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
“Rusların Ukraynadan getməyə hazır olması şərti ilə üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar mümkündür. Buna müharibə və diplomatiyanın tandemi ilə müvəffəq olmaq olar.
Müharibə məsələsi ilə ordu generallarımız məşğuldur, onların vəzifəsi rusları geri çəkilməyə məcbur etmək və döyüşməkdənsə danışmağın daha yaxşı yol olduğunu ruslara başa salmaqdır. Mümkün olduğu zaman mən diplomatiya və danışıq tərəfi ilə məşğul olacağam”, – deyə XİN başçısı diqqətə çatdırıb.
Kuleba, həmçinin qeyd edib ki, Ukrayna Rusiyanın verdiyi vədlərə inanmır və heç bir ağlı başında olan insan bu sözlərə inanmaz.
“Rusiya ordusu Ukraynadan çıxmamışdan əvvəl əmin olmaq istəyirik ki, onlar ciddi şəkildə bu addımı atır, saxtakarlıq etmirlər, yenidən qayıdıb hücum etməyəcəklər”, – Kuleba vurğulayıb.
XİN rəhbəri bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə bir masa arxasında heç vaxt oturmayacaq.
Azinformasiya.az