Qətərdə ABŞ rəsmiləri ilə Taliban arasında görüş baş tutub

Talibanın iki il öncə Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ABŞ-la ilk rəsmi danışıqlar baş tutub.

 

Azinformasiya.az “Al Jazeera“ telekanalına istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohada baş tutan iki günlük danışıqlarda iqtisadiyyat, insan haqları və narkotik maddələrin qaçaqmalçılığı kimi məsələlərə diqqət yetirilib.

Əfqanıstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balxi bildirib ki, tərəflər müzakirələr boyunca etimad inşası tədbirlərini, eyni zamanda Əfqanıstana tətbiq edilən sanksiyaların və səyahət qadağalarının götürülməsi, Əfqanıstan mərkəzi bankının xaricdəki aktivlərinin qaytarılması məsələlərini müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin bəyanatında isə qeyd olunub ki, ABŞ rəsmiləri Talibana Vaşinqtonun iqtisadi sabitliklə bağlı texniki danışıqlara hazır olduğunu bildiriblər, eləcə də qarşı tərəfə ABŞ-ın Əfqanıstanda insan haqlarının pisləşməsinə görə narahatlığı çatdırılıb. Görüşdə Əfqanıstanda saxlanılmış amerikalıların azadlığa buraxılması, əfqan qadınların orta təhsil almasına qoyulan qadağanın götürülməsi, qadınların işlə təmin edilməsi məsələləri də müzakirə olunub.

Vaşinqtonun danışıqlarda iştirak edən nümayəndə heyətinə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest və Əfqan qadınlar, qızlar və insan haqları üzrə xüsusi nümayəndə Rina Amiri daxil olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir