Yuri Uşakov Putinin Türkiyəyə səfərinin planda olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri həm Rusiya, həm də Türkiyə tərəfinin planlarında var, lakin Moskva və Ankara vaxtla bağlı hələ razılaşmayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslara gəlincə, təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin prezidentimizin Türkiyəyə səfəri ilə bağlı planları var, ancaq hələlik konkret tarixlər, konkret günlər barədə razılığa gəlməmişik”, – o söyləyib.

“Avqust ayı qeyd olunub, başqa variantlar da qeyd olunub, amma biz hələ bu işə başlamamışıq. Lakin prezidentimiz Ərdoğana Türkiyəyə gələcəyinə dair söz verib. Bu söz Türkiyə prezidentinin son seçkilərdəki qələbəsindən dərhal sonra verilib”, – Y.Uşakov diqqətə çatdırıb.

Jurnalistlər iki liderin təmaslarında taxıl sazişi məsələsinin gündəmdə olub-olmadığını soruşduqlarında Uşakov bununla bağlı belə qeyd edib: “Səfər zamanı və ya qarşıdakı telefon danışıqları zamanı – hansı ki, onlar tez-tez telefonla əlaqə saxlayırlar – taxıl sazişi ilə bağlı məsələlərin gündəmə gəlməsi, hesab edirəm ki, tamamilə təbiidir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir