Yenidən prezident seçilmək istəyən ABŞ Prezidenti Cozef Bayden ikinci rübdə seçki kampaniyası aparmaq üçün təxminən 72 milyon dollar ianə toplayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.
Bayden hesabat dövründə toplanan vəsait baxımından ABŞ seçki yarışının ən uğurlu iştirakçısı olub. Demokratların seçki qərargahında, son hesablamalara əsasən, ümumilikdə 77 milyon dollar var.
Öncəki Amerika lideri, yenidən prezident kürsüsündə əyləşməyə çalışan Donald Tramp ikinci rübdə kampaniya üçün 35 milyon dollar, birinci rübdə isə təxminən 18 milyon dollar toplayıb.
Tramp kimi növbəti il Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Florida qubernatoru Ron Desantis ikinci rübdə 20 milyon dollar ianə toplayıb.
Seçkiqabağı yarışda daha əvvəl iştirak edən demokrat kiçik Robert Kennedinin siyasi mübarizə üçün 6,3 milyon dolları var. “Politico” qəzetinin yazdığına əsasən, vəsaitin bir hissəsi ona adətən seçkilərdə respublikaçı namizədləri dəstəkləyən siyasi donorlar tərəfindən verilib.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Bayden aprelin 25-də hökumətin ən yüksək vəzifəsinə yenidən seçilmək istəyəcəyini açıqlamışdı. Tramp da ötən ilin noyabrında prezidentlik uğrunda mübarizə aparacağını bildirib.
Azinformasiya.az