Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreyanı G7-nin Ukrayna ilə bağlı qəbul etdiyi təhlükəsizlik zəmanətlərinə qoşulmağa dəvət edib.
Azinformasiya.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Zelenski bunu Cənubi Koreya prezidenti Yun Sok Yol ilə birgə mətbuat konfransında bəyan edib. “Mən Koreya Respublikasını G7 liderləri ilə razılaşdırılmış Ukraynaya dəstək bəyannaməsinə qoşulmağa dəvət etdim”, – deyə Zelenski qeyd edib.
İki ölkə prezidentinin sözlərinə əsasən, Cənubi Koreya Ukraynaya humanitar yardım, habelə minalardan təmizləmə, iqtisadi və beynəlxalq dəstək göstərir. Yun Sok Yol vurğulayıb ki, Cənubi Koreya Ukrayna ilə bağlı sülh düsturunu dəstəkləyir və onun həyata keçirilməsinə kömək etməyə çalışır.
“Reabilitasiya sahəsində bizə yeni genişmiqyaslı reabilitasiya sənayesi lazımdır. Mən Koreya Respublikasını Ukraynada reabilitasiya mərkəzlərinin yaradılmasında liderliyini saxlamağa dəvət etdim. Əlbəttə ki, biz iqtisadi əməkdaşlığı müzakirə etdik. Bu, enerji, nəqliyyat və Ukraynada dəmir yolu və sənaye sahələrinin yaradılmasıdır”, – deyə Zelenski vurğulayıb.
Həmçinin Cənubi Koreya prezidenti Seulun Ukraynanın müharibədən sonrakı bərpası proqramına qoşulacağını bildirib. Ölkə artıq zədələnmiş Ukrayna məktəblərinin bərpasına kömək edir.
Qeyd edək ki, bu gün Cənubi Koreya prezidenti və birinci xanım Ukraynaya rəsmi səfərə gəliblər. Bu, ikitərəfli münasibətlər tarixində Cənubi Koreya liderinin Ukraynaya ilk səfəridir.
Azinformasiya.az