Stoltenberq: Çin qonşularını təhdid edir və digər ölkələri əzir

“Pekin indiyə kimi Moskvanın təcavüzünü pisləməyib, əksinə, Rusiya ilə iqtisadi, diplomatik və hərbi əməkdaşlığını artırır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “Foreign Affairs” jurnalında dərc olunan “Daha təhlükəli dünya üçün daha güclü NATO” adlı məqaləsində bildirib.

“Əgər Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə və bütövlükdə dünya üçün təhlükəli olardı. Bu, başqa avtoritar rejimlərə öz məqsədlərinə güc yolu ilə müvəffəq ola biləcəkləri mesajı verərdi. Xüsusilə, Çin Rusiyanın aqressiyasına görə ödədiyi bədəli və ya alacağı mükafatı izləyir. O, Moskvanın hərbi uğursuzluqlarından və beynəlxalq ictimaiyyətin reaksiyasından dərs alır. Mən bu ilin başlanğıcında Yaponiya və Cənubi Koreyaya səfər edəndə onların liderləri açıq şəkildə narahat idilər ki, bu gün Avropada olanlar sabah Asiyada baş verə bilər”.

Baş katib NATO-nun Çini düşmən kimi görmədiyini və əməkdaşlığa ehtiyac olduğunu söyləyib.

“Biz nüvə silahının yayılması və iqlim dəyişikliyi də daxil olmaqla, bugünkü qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə Pekinlə təmasda olmağa davam etməliyik. Həmçinin Çin Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya üzərindəki əhəmiyyətli nüfuzundan istifadə etməlidir. Lakin Pekin indiyə kimi Moskvanın təcavüzünü pisləməyib, əksinə, Rusiya ilə iqtisadi, diplomatik və hərbi əməkdaşlığını artırır. Çin hökumətinin xaricdə getdikcə daha təzyiqedici davranışı və daxildə repressiv siyasəti NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuyur. Pekin qonşularını təhdid edir və digər ölkələri əzir. Çin NATO ölkələrində kritik təchizat zəncirlərini və infrastrukturu nəzarət altına almağa çalışır. Biz bu çağırışlara açıq şəkildə baxmalıyıq və iqtisadi mənfəət üçün təhlükəsizlik maraqları ilə alver etməməliyik”, – Stoltenberq məqaləsində diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir