Zaxarova: Fransanın Azərbaycan-Ermənistan normallaşmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur

“Bizi çox az şey təəccübləndirir. Lakin Fransa prezidenti Makron bəzən buna müvəffəq olur”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidenti Emmonuel Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə əsasən, Makronun iyunun 28-də Marsel şəhərində çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan Baş naziri Nikol Paşinyana göstərdiyindən daha çox təzyiq göstərməsini bəyan etməsi Rusiyanı təəccübləndirib: “Prezident Makronun təvazökarlığı onun yalnız kişiliyinə uduzur. Biz, təbii ki, onun Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, bu qədər məhsuldar işlərin praktiki nəticələri barədə heç bir şey deməyib. Proses var, nəticə yoxdur. Heç kəs heç vaxt nəticələri görmədiyi üçün Makron bu haqda bir şey danışmayıb. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur”.

Zaxarova qeyd edib ki, ATƏT-in Minsk Qrupunun dağılmasında Paris də rol oynayıb: “Keçən il Fransanın Milli Assambleyası tərəfindən Azərbaycan əleyhinə bəyanatın qəbul olunması, Fransa Azərbaycanın fikrini nəzərə almadan avropalı müşahidəçilərin şübhəli mandatlı mülki missiyasını Ermənistana göndərməsi Fransanın regional münaqişədə tutduğu mövqeyə bariz nümunədir.

Bu nümayişkaranə addımlar tərəflərə kömək etməyə deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa istiqamətlənib.

Bunların hamısı danışıqlar prosesinə nəinki müsbət təsir göstərməyib, əksinə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi də rolunu diskreditə edib”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir