Tarixdən çıxış edərək rusları və onların geridönüş bacarıqlarını əsla xəfifə almamalıyıq.
Azinformasiya.az “Politico”ya istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer jurnalistlərə bildirib.
NATO Hərbi Komitəsinin sədri söyləyib ki, Rusiyanın quru qoşunlarının əsas hissəsi Ukraynada döyüşsə də, o, hələ də Kreml qüvvələrinin təhlükəli olduğunu düşünür.
“Biz əminik ki, ruslar yenidən qalxmağa, qüvvələrini toparlamağa hazırlaşır və buna görə də planlar Rusiya ordusunun faktiki statusu üzərində deyil, Rusiya ordusunun Ukraynaya hücum etməzdən öncəki statusu üzərində qurulur”, – admiral Bauer vurğulayıb.
Rob Bauer Rusiyanın “bu müharibədən dərs alacağını” və NATO-nun da “onlara ciddi təhlükə kimi baxmağa davam edəcəyini” söyləyib. NATO rəsmisi, həmçinin qeyd edib ki, Rusiya qüvvələri malik olduqları nüvə imkanları ilə yanaşı, hələ də dənizlərdə, havada və kosmosda çox bacarıqlıdır.
Admiral Bauer NATO-nun Vilnüs sammiti və Alyansın hərbi planları barədə də danışıb.
“Biz işimizi görməliyik – daha çox sayda qüvvəyə, daha yüksək hazırlığa çatmaq üçün planlara qarşı məşq etməliyik, tələb etdiyimiz imkanları əldə etməliyik və bu, vaxt aparacaq”, – o diqqətə çatdırıb.
NATO rəsmisi bildirib ki, Alyansın güclənməsi üçün daha çox pul ödəmək lazımdır və bu kollektiv şəkildə edilməlidir.
Azinformasiya.az