Gürcüstan müxalifəti Priqojinin yarımçıq qiyamı zamanı ölkədə ikinci cəbhənin açılmasına çalışıb.
Azinformasiya.az xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Facebook hesabında belə yazıb.
Emosiyaların azalması fonunda vəziyyəti qiymətləndirdiyini bildirən Kobaxidze bildirib ki, sözügedən hadisələr zamanı müxalifət öz himayədarlarının diktəsi ilə qeyri-adekvat davranıb və hər yolla Gürcüstanda ikinci cəbhənin açılmasına müvəffəq olmağa çalışıb.
“Əgər əllərində müvafiq təsir rıçaqları olsaydı, ilk fürsətdən istifadə edərək Abxaziya və Sxinvaliyə tanklarla girərdilər. Bir daha sübut olundu ki, Vahid Milli Hərəkat müharibə və xəyanət partiyasıdır və onun məqsədi hər hansı bəhanə ilə Gürcüstanda ikinci cəbhə açmaqdır”, – Kobaxidze bildirib.
Kobaxidze, həmçinin qeyd edib ki, hakim partiyanın prinsipial mövqeyi ondan ibarətdir ki, Gürcüstanın ərazi bütövlüyü təkcə sülh yolu ilə bərpa olunmalıdır: “Bizə yalnız Abxaziya və Samaçablonun vahid Gürcüstana qaytarılması lazım deyil, biz həm də abxaz və osetin qardaşlarımızla etimadı bərpa etməliyik. Ərazi bütövlüyünün bərpası bizim üçün ancaq bu halda real dəyər kəsb edə bilər”.
Kobaxidze gürcülərlə abxazların və gürcülərlə osetinlərin bir daha bir-birinin qanını tökməsinə icazə verilməyəcəyini vurğulayıb.
Azinformasiya.az