Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yolu ilə bağlı müzakirələr zamanı çıxış edib.
Azinformasiya.az xəbər verir ki, o, ilk dəfədir ki, bölgədə iki xalqın da sülhə bu qədər yaxınlaşdığını bildirib, qeyd edib ki, Azərbaycan xalqı heç vaxt danışıqların əleyhinə olmayıb.
“Lakin AŞPA-da bunun əksi göstərilməyə çalışılır. Azərbaycan haqqında bir çox ittihamlar səsləndirilir. Mən AŞPA-dakı parlamentarilərə səslənirəm. Siz heç Qarabağda ac qalan uşaq görmüsünüzmü? Qırmızı Xaçın bölgəyə daxil ola bilmədiyini heç görmüsünüzmü? Görə də bilmərsiniz. Bu erməni parlamentari Ruben Rubinyanın apardığı propoqandadır”,- deyə Səməd Seyidov diqqətə çatdırıb.
Səməd Seyidov bildirib ki, Azərbaycana ittihamlar irəli sürməklə, beynəlxalq qurumlara yalvarmaqla, Ermənistan danışıqlardan qaçır. O söyləyib ki, onlar sülh haqqında danışırlar, lakin sülhə nail olmaq istəmirlər.
O, məruzəçi Paul Qavanın Azərbaycanda olduğunu, müharibə zamanı Gəncədə, Bərdədə mülki əhalinin başına gələnlər haqqında yaxşı məlumatı olduğunu da xatırladıb. S.Seyidov vurğulayıb ki, təəssüf ki, məruzəçi bunlar haqqında qətnamə layihəsində yazmayıb. Səməd Seyidov Azərbaycan xalqının hər zaman sülhdən yana olduğunu bildirib.
Səməd Seyidov, eyni zamanda çıxışında bildirib ki, qətnamə layihəsində qeyd edilən “Dağlıq Qarabağ” ifadəsi artıq mövcud deyil və bu ifadənin işlədilməsi siyasi xarakter daşıyır:
“Məruzəçi Paul Qavan qeyd etmişdi ki, bu məruzə siyasi məqsəd daşımır, humanitar məqsədlə hazırlanıb. Amma o, bu məruzəni siyasi nöqteyi nəzərdən başladı. O, qətnamə layihəsində “Dağlıq Qarabağ” terminini işlədib. Artıq belə bir ifadə, region yoxdur və bunun işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə ziddir”,- deyə Səməd Seyidov vurğulayıb.
Azinformasiya.az