“Soyuq müharibə”dən sonra biz hamımız Rusiya ilə daha dinc əlaqələrə ümid etdik və bunun üzərində işlədik, ancaq bu ümidlər Prezident Putinin Gürcüstanda, Hələbdə, Krımda və Donbasda aqressiv davranışlarına görə boşa çıxdı.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Almaniya Sənaye Federasiyasının təşkil etdiyi tədbirdə söyləyib.
“Ukraynanın işğalı Rusiya ilə konstruktiv dialoqa dair yerdə qalan illüziyaları sarsıtdı. Ona görə də biz tarixin dönüş nöqtəsindəyik”, – Baş katib vurğulayıb.
Stoltenberq NATO-nun hazırkı vəziyyətdə qarşıdakı onilliklər üçün öz təhlükəsizlik siyasətini müəyyənləşdirdiyini qeyd edib. O, alyansın daha təhlükəli indiki dünyaya reaksiya kimi etməli olduğu üç addımı söyləyib: “Birincisi, biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Biz onları suveren, müstəqil dövlət kimi qalib gəlmələri üçün ehtiyac duyduqları hər şeylə təmin etməliyik və bu, bizim təcili tapşırığımızdır. Biz hamımız bu müharibənin yekunlaşmasını istəyirik, amma ədalətli sülh münaqişənin dondurulması və Rusiyanın diktə etdiyi razılaşmanı qəbul etmək deyil. NATO bu münaqişənin tərəfi deyil, lakin biz Ukraynanın BMT xartiyasında da təsbit edilmiş özünü müdafiəsində onun yanındayıq”.
Stoltenberq ikinci addımın NATO ölkələrinin müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin inkişaf etdirilməsi olduğunu bildirib: “Ukraynanı işğal etməsindən sonra hamı bizim niyə daha güclü müdafiəyə malik olmalı olduğumuzu anlayır”.
Stoltenberq bu mənada Almaniyanın 2024-cü ildən müdafiə xərclərini ÜDM-nin 2 faizinə çatdırılması ilə bağlı qərarını alqışladığını qeyd edib. Baş katib qeyd edib ki, üçüncü addım NATO-nun avtoritar rejimlərdən asılılığını azaltmaqdır: “Bildiyiniz kimi, bir neçə aya qədər bir çoxları Rusiyadan təbii qaz alınmasının yalnız kommersiya qərarı olduğuna inanırdı, çətinliklə də olsa, bunun bizim təhlükəsizliyimizə təsir etdiyi öyrənildi. Ona görə də, bu əslində siyasi qərar idi. Almaniya və Aİ enerji tədarükünün şaxələndirilməsi istiqamətində nəzərəçarpacaq səylər göstəriblər. Amma biz eyni səhvi digər avtoritar rejimlərlə, ən azından Çinlə təkrarlamamalıyıq. Çin bizim düşmənimiz deyil, biz Çinlə ticarətə davam edəcəyik. Lakin, həmçinin həssaslıq yaradan asılılıqlardan qaçmalıyıq. Biz vacib xam maddələr və məhsullarla bağlı Çinə arxalanmamalıyıq”.
Azinformasiya.az