BMT-nin rezident əlaqələndiricisi: Azərbaycan güclü iqtisadi nəticələr nümayiş etdirir

“Azərbaycan güclü iqtisadi nəticələr nümayiş etdirir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu BMT “DİM Dialoqları” təşəbbüsü çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda çıxış edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva söyləyib.

“Bu gün biz Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu təşəbbüsünü davam etdiririk. Bu birgə təşəbbüsdür və məqsədimiz DİM-ə çatmaqda və bu prosesi sürətləndirməkdə Azərbaycana dəstək olmaqdır. Keçən ilin noyabrında Bakıda keçirilən birinci DİM dialoqunun tövsiyələrinə əsasən biz müzakirələr aparmışıq, hədəflər müəyyən etmişik”, – o qeyd edib.

BMT-nin rezident əlaqələndiricisi bildirib ki, Azərbaycanda sosial ədalətə əsaslanan inklüziv cəmiyyətin qurulması hökumətin əsas prioritetlərdən biri kimi seçilib.

Vladanka Andreyeva çıxışı zamanı vurğulayıb ki, qlobal inkişaf prosesləri tənəzzülə uğrayıb: “Bu gün biz iqlim dəyişikliyi, iqtisadi böhran, COVID-19-un təsirləri, münaqişələrdən əziyyət çəkirik”.

BMT-nin rezident əlaqələndiricisi Azərbaycanın güclü iqtisadi nəticələr nümayiş etdirdiyini qeyd edib.

“Bu ölkədə ÜDM 3,4 dəfə artıb, kəskin yoxsulluğa son qoyulub, işsizlik 50 faizdən (2001-ci ildə) 5,5 faizədək azaldılıb. Azərbaycanın qəbul etdiyi strategiyalar xüsusi vurğulanmalıdır. COVID-lə bağlı strategiyanın qəbulu pandemiyanın təsirlərini ölkədə azaldıb. Ölkədə ÜDM-in 3,2 faizi COVID-lə mübarizəyə ayrılıb ki, bu təqdir olunmalıdır. Ölkədə gəlirlər arasında fərqlər azaldılıb, sosial müavinətlər artırılıb, ölkənin sosial inkişafı yönündə işlər görülür.

Azərbaycan genderlərarası maaş fərqinin azaldılması ilə bağlı konkret öhdəliklər də götürüb. Geri qaytarılmış ərazilərin bərpası ilə bağlı Azərbaycanın gördüyü tədbirlər məcburi köçkünlərin evlərinə qayıda bilmələrinə imkan verir. BMT Azərbaycanda DİM-i dəstəkləməyə sadiqdir və hazırdır. Tərəqqi və inkişaf var, lakin çağırışlar, çətinliklər də var və bunların öhdəsindən gəlmək üçün əməkdaşlıq ruhunda irəliləmək lazımdır. İnnovativ, qabaqcıl ideyalar ortaya qoyulmalıdır”, – diplomat diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir