Qızıl bütün dövrlərdə sərmayə yatırımı üçün ən etibarlı vasitə olub. Yəni siyasi, yaxud iqtisadi təbəddülatlar vaxtı qızıla tələbat artır, sabitlik dövründə isə azalır. Hazırda da pandemiyanın səbəb olduğu böhran şəraitində qızıl bahalaşaraq avqust ayında 2 000 ABŞ dolları həddini keçsə də, sonradan koronavirusa qarşı peyvəndin uğurlu sınaqlarına dair xəbərlər onun qiymətini aşağı saldı.
Bu gün keçirilən hərraclarda Bakı vaxtı ilə saat 11:50-də olan vəziyyətə görə, qızıl 0,5 faiz bahalaşaraq 1 814,8 ABŞ dollarından satılıb ki, bu da avqusta nisbətən 15 faiz ucuzdur. Aşağıdakı qrafikə nəzər salsaq, qiymətlərin daha da azala biləcəyini söyləmək olar.
Qızılın ucuzlaşmasına təkan verən daha bir amil ABŞ-da Donald Tramp administrasiyasının işləri Co Bayden administrasiyasına təhvil verməyə başlamaq qərarına dair xəbərlərdir. Nəticədə qızılın qiyməti son 4 ayın minimum həddinə enib.
Dünya Qızıl Şurasının (World Gold Council) məlumatına görə, cari ilin üçüncü rübündə mərkəzi banklar 2010-cu ildən bu yana ilk dəfə qızılı aldıqlarından çox satmağa başlayıblar. Bu da bəzi ölkələrin koronavirusun iqtisadi fəsadlarını minimuma endirmək üçün qızılı görünməmiş baha qiymətə satmağa başlaması ilə bağlıdır. İndi də qızıl 1 700 ABŞ dollarınadək ucuzlaşsa, sərmayədarların marağını yenidən cəlb edə, nəticədə yenə də bahalaşmağa başlaya bilər. Lakin qiymətlərin 1 750-1 780 ABŞ diollarından aşağı düşəcəyi ağlabatan görünmür. Bu həddən sonra qiymətlərin yenə də qalxmağa başlaya biləcəyi güman edilir.
Bunun bir sıra səbəbləri var. Birincisi, koronavirus dərmanlarının hazırlanması hələ müəyyən vaxt aparacaq ki, bununla bağlı risqlər cari qiymətlərdə əks olunur. İkincisi, bu il qızılın bahalaşmasına pandemiyanın səbəb olduğu məhdudiyyətlər, iqtisadiyyata dəstək tədbirləri də mühüm təkan verdi. Məsələn, ABŞ-da iqtisadiyyata dəstək zərfinin həcmi 3 trilyon ABŞ dollarına yaxındır. Lakin sonradan Respublikaçılar və Demokrat partiyaları arasındakı fikir fərqləri üzündən dəstək tədbirləri dayandırıldı. Co Bayden administrasiyasının iş başına gəlməsilə belə tədbirlərin davam etdirilməsinə ümidlər var. Həmçinin olkənin yeni maliyyə naziri olacaq Canet Yellen də dəstək tədbirlərinin tərəfdarıdır. Belə tədbirlər tətbiq olunsa, inflyasiya gözləntiləri qızıla tələbatı xeyli artıra bilər.
Beynəlxalq maliyyə təsisatlarının proqnozları isə müxtəlifdir. Məsələn, “Morgan Stanley” 2021-ci ilə dair proqnozunu 1 950 ABŞ dollarından 1 850 ABŞ dollarınadək aşağı salaraq bunu dünya iqtisadiyyatının dirçəlməsi nəticəsində risqli aktivlərə tələbatın artacağı, nəticədə ABŞ dollarının məzənnəsinin və qızılın ucuzlaşacağı ilə əsaslandırıb. “BofA Global Research” isə qızılı gələn il orta səviyyəli gəlir gətirəcək xammal məhsulları siyahısına daxil etməyib. Bu mənada öncül mövqelərə neft, qaz, mis, nikel, alüminium yerləşdirilib. Lakin yenə də qızılın 2021-ci ildə 2 063 ABŞ dollarınadək bahalaşacağı ehtimal edilib. ”BCS Global Markets” 2 090 ABŞ dolları, “Fitch Solutions” isə 1 700 ABŞ dolları həcmində proqnoz verib. “ProFinace” ən iri maliyyə təsisatlarının verdiyi rəqəmləri əsasında orta göstərici olaraq qızılın 1 800-1 900 ABŞ dolları arasında satılacağını irəli sürüb.
Beləliklə, orta perspektivdə qızılın çox ucuzlaşacağının gözlənilmədiyini, gələn ilin birinci yarısında isə minimum səviyyədə bahalaşacağını söyləmək mümkündür.