Almaniya XİN rəhbəri Çinə gedir

Almaniya xarici işlər naziri Annalena Berbok bu gün Çinə səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Almaniya xarici işlər naziri səfər öncəsi bəyanatında bildirib ki, Çin Avropa üçün tərəfdaş və rəqibdir. “Gələcəkdə bunu hansı istiqamətə dəyişəcəyi də Çinin hansı yolu seçməsindən asılıdır. Yeni Çin strategiyamızla biz Çinin dünyada dəyişən rolunu nəzərə alacağıq”.

Səfərin məqsədinə toxunan xanım Berbok söyləyib ki, o, Çində rəhbərliyin getdiyi istiqamət, eləcə də siyasi nəzarət və iqtisadi açıqlıq arasında balansla bağlı təəssürat əldə etmək istəyir. “Mən, həmçinin vətəndaş cəmiyyətinin təşviqində, iqlimin qorunmasında və bərpa olunan enerji kimi gələcək sektorlarda daha geniş əməkdaşlıq imkanlarını öyrənmək istəyirəm. Bizim iqtisadi təcriddə heç bir marağımız yoxdur – istənilən halda qloballaşan dünyada buna müvəffəq olmaq çətin olardı – lakin biz birtərəfli asılılıq risklərinə daha sistemli baxmalı, onları azaltmalıyıq, o cümlədən digər riskləri aradan qaldırmalıyıq. Bu, dünya ticarətinin 50 faizinin hər gün keçdiyi Tayvan boğazında hərbi eskalasiyanın dəhşətli ssenarisi baxımından, xüsusilə, vacibdir. Buna görə də səfərim zamanı mən, eyni zamanda Tayvan boğazında status-kvonun birtərəfli qaydada dəyişdirilməsinin, xüsusilə də hərbi eskalasiyanın qəbuledilməz olacağı ilə bağlı ümumi Avropa yanaşmasını vurğulayacağam”, Almaniya xarici işlər naziri bəyanatında qeyd edib.

O bildirib ki, səfərlə bağlı gündəliyində əsas müzakirə mövzusu Ukraynadakı müharibəni tez, dayanıqlı və ədalətli şəkildə yekunlaşdırmaq marağının olduğunu vurğulamaqdır. “BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin dünya sülhü üçün xüsusi məsuliyyət daşıyır. Çinin qlobal məsələlərə diqqət yetirmək istəyi bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri normallaşdırmaq üçün vasitəçilik səyləri ilə nümayiş etdirildi. Çinin Rusiyaya təsiri ilə bağlı rolu Avropanın Çinlə əlaqələri baxımından önəmli olacaq”.

Bundan başqa, Annalena Berbok qeyd edib ki, o, Çində ümumbəşəri insan hüquqlarının qorunması haqqında danışacaq.

Almaniya xarici siyasət idarəsinin rəhbərinin aprelin 13-15-də Çində səfərdə olacağı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir