Bu ilin əlamətdar hadisəsi Azərbaycanda Qazaxıstanın Mədəniyyət Günlərinin keçirilməsi olacaq.
Azinformasiya.az Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı söyləyib.
“Ölkəmizdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkili ilə bağlı razılaşma var.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu il Qazaxıstanda Azərbaycanın ümummilli lideri və görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra anım tədbirləri keçiriləcək.
Astananın mərkəzində Azərbaycan xalqının şanlı oğlunun adını daşıyan küçənin açılışında bugünkü iştirakımız rəmzi olaraq həmin tədbirlərə start verdi.
Eyni zamanda “Qazaqstan” telekanalı Heydər Əliyev haqqında “Xoşbəxt həyat” (Ғазиз ғұмыр) adlı unikal sənədli film hazırlayıb və bu gün ölkəmizin milli televiziyasında nümayiş olunacaq.
Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsidir, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə ehtiramı nümayiş etdirir” – Tokayev bildirib.
Azinformasiya.az