“Mən iki il yarımdır ki, bu gözəl ölkədəyəm və bir sıra tədbirlərdə iştirak etmişəm. Həqiqətən də Azərbaycan xalqının Pakistana xüsusi məhəbbətinin və hörmətinin şahidi oluram”.
Azinformasiya.az xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Azərbaycan məktəbləri arasında keçirilmiş “Pakistanı tanı” adlı yarışa həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib.
O qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: “1991-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra 1992-ci ildə Pakistan onu tanıdı”.
Səfir hər iki ölkənin bir sıra bənzər cəhətləri olduğunu vurğulayıb: “Onlardan biri də hər iki ölkənin çətin yollarla müstəqillik əldə etməsidir. 1947-ci il 10 avqustda Pakistan müstəqilik əldə edib. Azərbaycan da Pakistan kimi ağır yol keçib və sovet imperiyasının zəncirindən xilas olub. Pakistan və Azərbaycan xalqlarının müstəqillik arzuları, istəkləri onların bu ağır yollardan keçməsini asanlaşdırıb. Müstəqillik qazanandan sonra da hər iki ölkə çətin mərhələlərdən keçib. Biz çox şadıq ki, Azərbaycan xalqı öz ərazilərini azad edib və həmin ərazilər Azərbaycanın bir hissəsidir. Qarabağ Azərbaycandır!”
Azinformasiya.az