Prezident: Azərbaycan Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılmasına bundan sonra da dəstəyini göstərəcək

Bu ilki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm.

Azinformasiya.az  xəbər verir ki, bu haqda Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Dövlət başçısının sözlərinə görə, ilk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcək: “Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm”.

Prezident İlham Əliyev qeyd edib ki, insan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir: “Bu baxımdan “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası vardır.

Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır. Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir