“Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”.
Azinformasiya.Az xəbər verir ki, bu, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə ünvanladığı təbrik məktubunda yer alıb.
“Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir.
Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm”, – məktubda qeyd olunub.