Ərdoğan: “Bəşəriyyətin ən ciddi təbii fəlakətlərindən biri ilə üzləşmişik”

“Bəşəriyyətin ən ciddi təbii fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədəki çıxışında deyib.

O bildirib ki, dövlət zəlzələdə dəyən ziyanın aradan qaldırılması üçün əlindən gələni edir: “Bütün imkanlarımızı səfərbər etmişik. Axtarış-xilasetmə tədbirləri davam edir”.

Türkiyə lideri, həmçinin iqtidarın gördüyü işləri tənqid edənlərə cavab verib: “Onlar əxlaqsızdır, namussuzdur. Bəzilərinin bizim fəaliyyətimizlə bağlı səsləndirdiyi iddialar yolverilməzdir. Vətəndaşlarımızın təxliyəsi davam edir. Bütün lazımi ehtiyaclar təmin edilir”.

Dövlət başçısı söyləyib ki, bəzi layihələr icra olunmasa oxşar hadisələr təkrarlana bilər: “Hər birimiz bu təbii fəlakətdən dərs çıxarmalıyıq. Müxalifət bizə irad tutur. Amma görünən odur ki, nəzərdə tutduğumuz layihələrin icrası doğru qərardır”.

R.T.Ərdoğanın sözlərinə görə, dağılmış ərazilər müasir standartlara uyğun bərpa olunacaq: “Dövlətlə millət arasında fitnə salmaq istəyənlərə imkan vermək olmaz. Zəlzələdən istifadə edib Türkiyə əleyhinə çıxanlara qulaq asmaq lazım deyil. Əvvəlki fəlakətlərdə kimsəni tək qoymadığımız kimi, bu gün də xalqımızın yanında olacağıq”.

R.T.Ərdoğan bildirib ki, zəlzələ bölgəsində 1 il ərzində bərpa işləri başa çata bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir