ABŞ Azərbaycanda mövcud mina təhlükəsi ilə mübarizə istiqamətində əməkdaşlıqda maraqlıdır.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz Məsələləri və Regional Münaqişələr ofisinin rəhbəri Mark Kameronla görüşündə bildirilib.
Görüş zamanı Agentliyin yaradılma tarixçəsi, fəaliyyət istiqamətləri, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin miqyası, bərpa-quruculuq işlərinə törətdiyi maneə, eləcə də keçmiş təmas xətti boyu ərazilərlə yanaşı, dağıdılmış yaşayış məskənlərinin, mülki təyinatlı obyektlərin də ciddi şəkildə minalarla çirkləndirilməsi haqda prezentasiya təqdim edilib.
İnsanların həyat və təhlükəsizliyinə böyük əngəl olan partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təbliğatının istiqamətləri, minatəmizləmə əməliyyatlarına cəlb olunan yeni müdavimlər üçün keçirilən təlimlər, habelə Agentliyin illər boyu əldə etdiyi müsbət təcrübəsinin digər zərərçəkmiş ölkələrlə bölüşməsinə hazır olması cənab Mark Kemeronun diqqətini cəlb edib.
M.Kameron keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına töhfə vermək məqsədilə humanitar minatəmizləmə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Vüqar Süleymanov öz növbəsində Agentliyin ABŞ-ın müxtəlif qurumları ilə 20 ildən artıq effektiv əməkdaşlığın daha da genişləndirilməsinə ümidvar olduğunu qeyd edib.