Azərbaycanın bir sıra startaplarının xarici bazarlara çıxışı nəzərdə tutulub.
Bunu “Report”a Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov deyib.
Z. Qardaşov qeyd edib ki, həm proqram təminatı sahəsinə aid olan, həm də digər sahələrdə olan startapların xarici bazarlara çıxışında ciddi dəstəyə ehtiyac var: “Vətəndaş ideya ilə gələrək, məhsulunu reallaşdıra bilər. İdeyanın son mərhələsi, təbii ki, bazardır, bazar olmasa uğur qazana bilməz. Startapların son məhsulunun mikrotirajlarını biz xarici bazarlara təqdim edilməsində dəstək olacağıq. Bu bazarlar Avropa, Amerika, MDB, ərəb ölkələrin bazarları ola bilər”.
KOBİA-nın rəsmisi bildirib ki, yekun proqram təminatı məhsulu olan tətbiqləri, stolüstü kompüter üçün proqram təminatını, müxtəlif təyinatlı biznes və ticarət üçün, fərdi istifadə üçün proqramları rəqəmsal kanallar vasitəsilə satışını və bazarlara çıxışını təmin etmək olur: “Amma digər startap məhsulları – elektron cihazları, alətləri ənənəvi olan sərgi və yarmarkaları, distribütor kanallarını istifadə etməklə, hamçinin rəqəmsal platformalar vasitəsilə təqdim etmək olur. Hazırda bizim reyestrdə 200-ə yaxın startap var. Bunlardan 82-isi startap şəhadətnaməsi alıb, 25-ə yaxın startap bizdən qrant alıb. Digərləri öz kanalları ilə inkişaf edirlər, sadəcə, bizim müəyyən dəstək proqramlarına, təlimlərə qoşulublar, o cümlədən Startap İnkişaf Mərkəzinin üzvləridir”.
Onun sözlərinə görə, startapların qiymətləndirilməsində beynəlxalq təcrübədə yanaşma bir az fərqlidir: “Bu, belə deyək, sıradan bir ənənəvi biznesə qiymətləndirmə kimi baxılmır. Bu, onun birə prinsipidir. Əgər bu gün siz 10 startapa dəstək olursuzsa, onlardan yalnız biri uğurlu olursa, bu artıq uğur sayılır. Bizdə də həmin prinsipi rəhbər tutaraq, iilkin potensialını qiymətləndiririk ki, nə dövlət resursları xərclənməsin, nə də qarşı tərəfin vaxtı xərclənməsin və potensialı olan startaplara dəstək oluruq. Təbii ki, demək olmaz ki, hər bir startap uğur qazanmalıdır. Yenə deyirəm, 100 startapdan 10-u uğur qazanarsa, bu artıq həmin ölkə üçün startap ekosisteminin uğuru sayıla bilər”.
Z. Qardaşov qeyd edib ki, KOBİA Azərbaycan startapları üçün daha çox potensialı proqramlaşmada deyil, real sektora nəzərdə tutulmuş elektron cihazlarda, alətlərdə, “ağıllı şəhər”, “ağıllı evlər” üçün olan həllərdə görürük: “Məsələn, ABŞ sırf proqram təminatı üzərində ixtisaslaşıb, amma Avropa ölkələri – Almaniya, Fransa daha çox mühəndisliyə, sağlamlıq, texnologiya təhsili sahəsində olan layihələrə üstünlük verirlər. Bizdə də, Avropada da kimi “dizayn tech” layihələrinə üstünlük verilir. Beləliklə, Avropanın prioritetləri ilə Azərbaycanın prioritetləri üst-üstə düşür və bu sahədə daha çox naliyyət əldə etmək olar”.
O xatırladıb ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri startap ekosisteminin inkişafına dəstək verməkdir: “Agentlik tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onların innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. Eyni zamanda, Agentlik yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir”.