“Özüm naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.
“Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsədlərimizdəndir”, – səlahiyyətli nümayəndə vurğulayıb.
O xatırladıb ki, Naxçıvanın blokadası başlayan ilk illərdə vəziyyət olduqca çətin idi:
“Lakin sonradan ölkə rəhbərliyinin – ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Naxçıvan qismən də olsa, blokadanı yara bilib. Nəqliyyat məsələlərində problem yaşansa da, Naxçıvanda qazlaşdırılma aparılıb, əhali elektrik enerjisi ilə tam təmin olunub.
Prezident İlham Əliyevlə görüşdə onun Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətini hiss etdim”.
Zəngəzur dəhlizinin həm lokal, həm regional, həm də kontinental şəkildə xidmət göstərəcəyini deyən rəsmi bildirib ki, bu, Naxçıvanın tamamilə blokadadan çıxarılması deməkdir.