Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Azinformasiya.Az-ın xəbərinə görə, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O bildirib ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür: “Möhtərəm Prezident cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, cənab İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir”.
Spiker qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir: “Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açıb, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib. Ölkəmizin xoşbəxt gələcəyi bu gün İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”.
Parlamentin sədri təklif edib ki, doğum günü münasibəti ilə Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlansın: “Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq”.
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.