“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərdən aldığımız müraciətlərin dəfələrlə artdığını nəzərə alaraq, mən və həmkarlarım mərkəzimizdə “Qaynar xətt” yaratmaq qərarına gəldik”.
Azinformasiya.Az xəbər verir ki, bunu D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyeva bildirib.
O, həmçinin Qarabağ ermənilərini quldur dəstələrin qalıqlarının repressiyalarından qorxmamağa və Azərbaycan tərəfi ilə əlaqə yaratmağa çağırıb.
“Qarabağdakı erməni separatçıların tör-töküntüləri və Qarabağdakı quldur rejimin “dövlət naziri”i Ruben Vardanyanın yerli sakinlərə təzyiq göstərmək və onların azərbaycanlı hüquq müdafiəçisi ilə təmaslarına maneçilik törətmək cəhdlərinə baxmayaraq, zənglərin sayı əvvəlki günlərlə müqayisədə xeyli artıb”, – o vurğulayıb.
D.Əfəndiyeva söyləyib ki, erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərini operativ şəkildə cavablandırmağa və həlli üçün əllərindən gələni etməyə hazırdırlar: “Qaynar xətt”in telefon nömrəsi +994 70 277 99 11-dir. Biz öz tərəfimizdən bizimlə əlaqə saxlayan insanlara tam məxfiliklə bağlı zəmanət veririk”.
O, xalqlar arasında dialoqa ehtiyacın olduğunu da vurğulayıb: “Yalnız bir-birimizlə ünsiyyət quraraq problemləri anlaya və onları birgə həll edə bilərik. Bu, inteqrasiya proseslərinin sürətləndirilməsinə yardım göstərəcək və birgə yaşayışa xidmət edəcək”.