“Xəzər dənizindəki “Dostluq” yatağı üzrə türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.
Ərdoğan Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə də toxunub: “Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin önəmi yenidən anlaşıldı. Əsasən Türkiyə olaraq biz bu istiqamətdəki addımları uzun müddət idi ki, atmaqda idik. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Cənub Qaz Dəhlizi bu baxımdan önə çıxmaqdadır. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) onurğa sütununu təşkil etdiyi bu dəhlizlə Xəzər qazını Avropaya daşıyırıq”.
Türkiyə Prezidenti vurğulayıb ki, Türkmənistanın təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqlinə yönəlmiş işlərə də başlamağımız lazımdır.
Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, “Dostluq” yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupu fəaliyyət göstərir.
Qeyd edək ki, Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı Azərbaycan və Türkiyə arasında Hökümətlərarası Saziş 2012-ci il iyunun 26-da imzalanıb və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunub.
Kəmərin ümumi uzunluğu 1 850 km təşkil edir. Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindən başlayaraq 20 şəhər, 67 vilayət və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşan kəmər burada Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə bağlanır. Boru kəmərinin Əskişəhirə qədər olan hissəsi 2018-ci ilin iyunun 12-də istismara verilib, 2019-cu ilin noyabrın 30-da isə Avropa bağlantısının açılış mərasimi keçirilib.
Kəmərin ilkin ötürmə gücü: illik 16,2 milyard kubmetrdir ki, bunu da illik 31 milyard kubmetrə qədər artırıla bilər.