İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub.
Azinformasiya.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Onun sözlərinə görə, bu nailiyyət uzun müddət əks-epidemik tədbirlər nəticəsində mümkün olub: “Azərbaycan İİV-ə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub”.
F.Məmmədov bildirib ki, Azərbaycanda İİV-lə uğurlu müalicə nəticələri 86 %-ə yaxınlaşıb. Mərkəz direktoru vurğulayıb ki, bu təcrübə digər ölkələrlə bölüşdürülüb.
“Bəzən bu infeksiyaya yoluxanlar həkimə vaxtında müraciət etməkdən çəkinirlər. Bildirmək istəyirəm ki, bütün test nümunələri anonim şəkildə götürülür”, – F.Məmmdəov əlavə edilib.