Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
Azinformasiya.Az xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.