“NATO Rusiyanın ona hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmür”.
Azinformasiya.Az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.
O deyib ki, ilkin məlumatalara görə, Polşa ərazisinə raketlərin atılması Ukraynaya aid hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib.
“Amma, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır”, – Baş katib söyləyib.
O deyib ki, NATO ölkələri sakitliyi qoruyacaq və Polşadakı hadisə ilə bağlı təmasları davam etdirəcək.
Baş katib vurğulayıb ki, Rusiya bu mənasız müharibəni dayandırmalıdır: “NATO ölkələri həmrəydir. Bütün müttəfiqlərimizi qorumağa davam edəcəyik”.
Y.Stoltenberq deyib ki, NATO ölkələri Polşadakı insidentlə əlaqədar məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsindən istifadə etmək niyyətində deyil.
NATO-nun Baş katibi əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təchizatı alyans üçün prioritetdir