“Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Albaniyadan olan həmkarı Bayram Beqayla mətbuata birgə açıqlamasında deyib.
“Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş bir çox Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir”, – deyə Prezident vurğulayıb.
“Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını 2 dəfə artırmaq fikrindəyik. Təbii ki, bu qaz Albaniya üzərindən keçəcək və Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhvə veriləcək. Bizim qaz ehtiyatlarımız çox zəngindir və hal-hazırda həm TAP, həm də TANAP kəmərlərinin 2 dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə – Cənub Qaz Dəhlizi cəmi 2 ilə yaxındır ki, istismardadır. Amma artıq bu dəhlizin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu göstərir ki, ona böyük ehtiyac var, tələbat var və Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”, – deyə İ.Əliyev qeyd edib.
“Eyni zamanda biz bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Biz buna hazırıq və bu məsələni, eləcə də energetika sahəsi ilə bağlı digər məsələləri bundan sonra da müzakirə edəcəyik”, – deyə dövlət başçısı əlavə edib.