Putin hakimiyyəti hərbi xidmətə getməyən vətəndaşlara Federal Təhlükəsizlik Xidməti vasitəsilə hədə-qorxu gəlməyə başlayıb
Cari ilin fevralından bütün beynəlxalq qanunları və BMT-nin mövcud Nizamnaməsini pozaraq qonşu dövlətin ərazisində genişmiqyaslı hərbi əməliyyatlar aparan Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi sentyabr ayından etibarən müharibənin hələ uzun müddət davam edəcəyinə dəlalət edən addımlar atıb. Onlardan biri ölkədə qismən səfərbərlik elan edilməsi olsa da, digərləri Krım körpüsündə partlayış, Ukraynanın daha iki cənub vilayəti daxil olmaqla, qonşu dövlətin 4 vilayətini özünə birləşdirməsidir.
Rusiyanın müharibə dövründə qarşılaşdığı və bütün beynəlxalq aləmdə ciddi nüfuz itkisinə səbəb olduğu məhz qismən səfərbərliyin elan edilməsinə ölkə vətəndaşlarının reaksiyası oldu. Minlərlə ehtiyatda olan kişinin, əsasən də gənclərin ölkənin quru sərhədləri açıq olan digər dövlətlərə üz tutması Rusiya vətəndaşlarının əksəriyyətinin müharibə istəmədiklərini göstərdi.
Rusiya kimi nəhəng dövlətdə 300 min nəfərin səfərbər edilməsinin həddindən çox uzun sürməsi və vətəndaşların hərbi xidmətə getməkdən yayınması hallarının sosial şəbəkələrdə geniş əks olunması ciddi siqnal idi. Bu səbəblərdən, daha doğrusu, ehtiyatda olan hərbçilərin səfərbər olunmaması hakimiyyəti Federal Təhlükəsizlik Xidmətini (FTX) hərəkətə keçirməyə sövq edib.
Rusiya ordusu zorla səfərbər olunanlarla komplektləşdirilir?
Rusiyalı ekspertlərin də sosial şəbəkələrdə yer alan fikirlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü heç bir günahı olmayan ölkə vətəndaşlarına getdikcə daha çox təsir edir. Rusiya vətəndaşlarının yaşadığı mənzillərə telefon zəngləri olunmasının, elektron məktubların göndərilməsinin, eləcə də FTX tərəfindən müdaxilə hallarının çoxluğu barədə məlumatlar var. Səbəb kimi Federal Təhlükəsizlik Xidmətinin əlində guya bu şəxslərin hökumət əleyhinə nümayişlərdə iştirakına dair sübutların olması, bununla yanaşı, onların Ukrayna müharibəsi və Rusiya silahlı qüvvələri ilə bağlı yalan məlumatlar yayması göstərilir. Təhlükəsizlik orqanlarının əsas məqsədi vətəndaşları hadisənin səbəblərini izah etmək üçün ən yaxın FTX bölmələrinə gəlməyə məcbur etməkdir. Vətəndaş bu çağırışlara tabe olmadığı halda iş məhkəməyə verilir. Əslində bu, ehtiyatda olanları səfərbər etməyə və onları zorla Ukrayna cəbhəsinə yollamaq üçün bir bəhanədir.
Peşəkar hərbçilərin çatışmazlığı səbəbindən tam səfərbərlik elan edilə bilər
Yayılan digər məlumatlara görə, cəmiyyətdə daha böyük qorxu yaratmaq üçün FTX əməliyyatın növbəti mərhələsinə keçərək xəbər yayıb ki, tələb olunan müddətdə ittihamlara aydınlıq gətirilməsə, məlumat dərhal işdən azad edilmələri üçün həmin şəxslərin iş yerlərinə göndəriləcək.
Qeyd edək ki, sözügedən kampaniya Rusiyanın əksər regionlarında geniş vüsət alıb. Belə ki, bir çox şirkət və qurumların, o cümlədən RF İqtisadi İnkişaf Nazirliyi, “Rusgeologiya”, “Transneft”, “Rosatom”, VTB-Bank və digərlərinin əməkdaşlarını əhatə edir. Bu cür vacib qurum və şirkətlərin işçilərinin də artıq bu hallarla qarşılaşması Rusiya kimi böyük dövlətdə müharibəyə göndərilə biləcək kişilərin sayının ciddi səviyyədə azaldığını sübut edir.
Vətəndaşların Rusiyadakı vəziyyətlə bağlı sözügedən məlumatları paylaşmasının ağır nəticələrini bilmələrinə baxmayaraq, kampaniya sosial mediada geniş əks-səda doğurub. Məsələn, hakimiyyət tərəfdarı olan “Rosatom”un əməkdaşı Yevgeni Qaranin(twitter.com/mittalhopiirr) oxşar hadisələr barədə “Tvitter”də məlumatlar yayıb. Müxalifətçi ictimai fəal, Navalnının dəstəkçisi Sergey Danilenko(twitter.com/emanuel60707873) isə sosial şəbəkədəki statusunda yazır ki, bu əks-səda müxalifət sıralarında, xüsusən də FTX-nin məkrli təxribatından birbaşa danışan A.Navalnının ətrafında daha da böyüyür. Qış fəsli yaxınlaşdığı üçün Ukrayna cəbhəsində könüllülərin və peşəkar hərbçilərin çatışmazlığı səbəbindən qarşıdakı aylarda Rusiyanın məcburi səfərbərlik elan edəcəyi barədə də sosial şəbəkələrdə məlumatlar yayılır.
Görünən odur ki, Qərbin ciddi və genişmiqyaslı sanksiyalarına baxmayaraq, işğalçılıq siyasətindən əl çəkməyən
Putinin müharibəsi Rusiyada acınacaqlı vəziyyət yaradıb.
Belə ki, Sibir bölgəsindən çağırışlar yetərli olmadığı üçün Moskvada, Sankt-Peterburqda qapıların döyülməsi, əl silah tutanların orduya cəlb olunması böyük metropollarda ictimai-iaşədən tutmuş bütün sektorlarda böhran yaradıb. Rusiyanın anbarlarında daha dəhşətli vəziyyətin mövcudluğu ordunun qışa hazır olmadığını göstərir. Belə ki, qoşunlar üçün hərbi geyim və digər əsas tələbat məhsulları, silah-sursat çatışmır. Dövlət vəsaitləri və zəruri ləvazimatlarının “oğurlanması” hallarına hakimiyyətin yuxarı eşelonlarından gələn “səssiz razılıq” yeni səfərbər olunanların müvafiq şəkildə təchiz olunmasının qarşısını alır.
Ukrayna müharibəsində yeni mərhələnin təzahürləri kimi qeyd etdiyimiz Krım körpüsündə baş verən hadisə isə Çeçenistan hərbi kampaniyaları zamanı baş verən, mənbəyi hələ də aydın olmayan terror aktları ilə oxşarlıq təşkil edir. Bu akt zamanı yaşayış binaları yox, strateji əhəmiyyətli infrastruktur obyekti hədəfə alınsa da, Rusiya hökuməti bu hadisələri 2014-cü ilin uğurlu kampaniyasının simvoluna hücum kimi izah etməyə çalışıb. Üstəlik, Rusiyanın paytaxt Kiyev daxil olmaqla, Ukraynanın əsas yaşayış məntəqələrinin enerji təchizatını dayandırmağa çalışması müharibənin daha dəhşətli məcraya yönəldiyini göstərir. Krım körpüsünün partladılmasını müşayiət edən bombardmanlarla sadə vətəndaşların müqavimətini qırmaq məqsədi güdən Putin Rusiyası, həmin aktla işğalı davam etdirmək üçün ölkə daxilindən lazım olan dəstəyi almağa çalışıb.
Artıq 9 aya yaxındır davam edən müharibənin dayanmasına ümidlər Rusiyanın sentyabrın sonunda və oktyabrın əvvəlində həyata keçirdiyi ilhaq təşəbbüsləri ilə bir daha suya düşdü. Orduya zorla cəlb etdiyi, habelə təhlükəsizlik orqanları vasitəsilə qorxutduğu ehtiyatda olan hərbçilərlə gələcəkdə Rusiyanın əsas məqsədinə nail olması da mümkünsüzdür.