“Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoq davamlı sülhə nail olmağın açarıdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvətini şərh edərkən deyib.
N.Prays ABŞ-ın əvvəlki kimi, rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarını dəstəklədiyini vurğulayıb.
“Biz hər iki lideri onlara uyğun istənilən formatda görüşməyə çağırmışıq. Hesab edirik ki, problemləri həll etməyin və davamlı sülhə nail olmağın açarı birbaşa dialoqdadır. Məhz buna görə də dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabr ayında Nyu-Yorkda bir araya gətirmişdi” – o bildirib.
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, son nəticədə davamlı sülh səyləri baxımından Prezident Putinin dəvətinin faydalı olub-olmayacağına məhz Azərbaycan və Ermənistan qərar verməlidir.