“Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror nəticəsində 86 cinayət işi başlanılıb”.
Azinformasiya.Az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən 17 rayon və 3 şəhərin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, mülki əhalinin sıx yaşadığı məntəqələr, döyüşlərədə iştirak etməyən mülki şəxslər, habelə Azərbaycanın ciddi infrastruktur obyektlərinin hədəfə alınması nəticəsində 93 nəfər mülki şəxsin qəsdən öldürülməsi, 454 nəfər mülki şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı qeydə alınıb:
“Erməni silahlıları tərəfindən raket hücumları nəticəsində 14 şəhər və rayon, o cümlədən Gəncə, Bərdə Tərtər və digər rayonlar üzrə ümumilikdə 14 724 əmlaka təxminən 47 503 911 manat maddi ziyan dəyib.
Təcavüzkar hücumlar yalnız mülki şəxslərin sıx yaşadığı məntəqələr deyil, eləcə də partladılması böyük dağıntılara səbəb ola bilən mühüm obyektlərə – Bakı-Novorossiysk neft-boru kəməri, Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan, Qərb-İxrac, Cənubi Qafqaz Genişlənmiş boru kəmərləri, Qəbələ Beynəlxalq hava limanına da yönəlib”.
“Ermənistanın rəhbər və digər vəzifəli şəxsləri, silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair Baş Prokurorluğun İstintaq idarəsində 86 cinayət işinin ibtidai istintaq aparılır. Həmin cinayət işləri aşağıdakı şəkildə qruplaşdırılıb:
- Mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması və mülki əhaliyə məxsus əmlakın qəsdən məhv edilməsi və zədələnməsi faktlarına dair 39 cinayət işi;
- Mina və digər növ partlayıcı qurğuların partlayışları nəticəsində mülki şəxslərin qəsdən öldürülməsi və ya sağlamlıqlarına ziyan vurulması faktlarına dair 25 cinayət işi;
- İnfrastruktur obyektlərinin ağır artilleriya mərmisi və ballistik raketlərlə hədəfə alınması faktlarına dair 3 cinayət işi;
- İşğal altında olmuş ərazilərdə tarixi, mədəniyyət abidələrinin məhv edilməsi, qanunsuz ağac kəsmə və ya digər ekoloji cinayət faktlarına dair 3 cinayət işi;
- Vətən müharibəsi müddətində fosfor mərmilərindən istifadə edilməsi faktlarına dair 1 cinayət işi;
- Qarabağ bölgəsində ayrı-ayrı muzdlu dəstələrinin silahlı birləşmələrə qanunsuz cəlb edilməsi;
- Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri faktlarına dair 8 cinayət işi;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz açıq çağırış faktlarına dair 4 cinayət işi;
- İşğal altında olmuş ərazilərə qanunsuz silah daşınması faktlarına dair 1 cinayət işi;
- Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin edilməsi faktına dair 1 cinayət işi”, – o, vurğulayıb.