“Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatlara Ordumuz tərəfindən layiqli cavab verilib. Azərbaycan Ordusunun layiqli cavabı onlara baha başa gəlib”.
Bu fikirləri “Report”a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin üzvü Bəhram Əhmədov deyib.
Onun sözlərinə görə, sentyabrın 12-14-ü tarixlərində davam edən erməni təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib:
“Onların təxribatlara əl atması hər zaman gözlənilir. Ancaq buna baxmayaraq Azərbaycan Ordusu hər zaman düşmənin təxribatlarının qarşısını almağa, istənilən tapşırığı yerinə yetirməyə daim hazırdır. Onlar bu dəfə də təxribata əl atmaqla məqsədlərinə nail ola bilmədilər. Azərbaycan Ordusunun gücünün və şücaətinin növbəti dəfə şahidi oldular. Təəssüf ki, ermənilərin bu təxribatı nəticəsində qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhid oldu. Mən onlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Hesab edirəm ki, şəhidlərimizin qisası artıqlaması ilə alındı və onların qanı yerdə qalmadı”.
O, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və dövlətin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi diqqət, qayğıdan da danışıb:
“Bu gün Prezident, Ali Baş Komandanın bizə olan diqqət və qayğısı göz qabağındadır. Onun hərbçilərlə görüşməsi, tez-tez bizim sıralarımızda olması bizə əlavə güc verir. Ölkəmizdə şəhid ailələri, qazilərlə bağlı bir sıra işlər görülür, onların problemlərinə həssaslıqla yanaşılır və həll olunur. Bunların hamısı isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısından irəli gəlir”.
Vətən müharibəsi qazisinin sözlərinə görə, artıq ermənilər bilməli, etdikləri təxribatların onlara həmişə baha başa gəldiyini dərk etməlidirlər: “Ermənilər bilsinlər ki, növbəti təxribatlara əl atsalar, daha da acınacaqlı vəziyyətə düşəcəklər. Unutmasınlar ki, Ali Baş Komandanın dediyi kimi, “dəmir yumruq” yerindədir”.