Forma üçün izdiham davam edir – BTE rəsmisi günahı onlarda görür

Bu gün də məktəbli forması almaq istəyən valideynlər Bakı Tikiş Evinin qarşısında izdiham yaradıb.

Azinformasiya.az xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bununla bağlı Oxu.Az-a açıqlama verib.

O bildirib ki, tək bir müəssisə bütün Bakı şəhərini forma ilə təmin edə bilməz: “Məktəbli formaları üçün heç bir qurum bizə müraciət etməyib. Biz dövlət müəssisəsi deyilik, özəl qurumuq. Biz bank krediti ilə işləyirik. Aşağı faizlə də bizə kredit verən yoxdur. Gərək əvvəldən bu işə razılaşmazdıq. İndi hamı məsuliyyəti bizim üzərimizə atır”.

E.Əzimov bildirib ki, tikiş evi hər gün 1200-1500 forma istehsal edə bilir:  “Hazırda tələbat qısaqol köynəklərədir. Yay üçün biz qısaqol forma hazırladıq, uzunqol köynəklər də hazırlanır”.

Şöbə müdiri izdihamda günahı məktəb direktorlarında görüb: “Direktorlar valideynləri məcbur edirlər ki, mütləq forma ilə gəlin məktəbə. Bir fabrik hamını necə təmin etsin? Nazir də bildirib ki, bu tövsiyə xarakterlidir. Camaatı belə təşvişə salmaq olmaz. Bizim burada heç bir günahımız yoxdur”.

Sonda E.Əzimov bildirib ki, hazırda 30 mindən çox forma satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir