Moskva yaxınlığındakı qanunsuz fəaliyyətinə görə 25 il müddətinə azadlıqdan məhrum edilən mütəşəkkil cinayətkar qrupun rəhbəri Donetsk vilayətində ölüb.
“AZİNFORMASİYA.AZ” “The Insider” nəşrinə istinadən xəbər verir ki, o, ali səviyyədə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Ölən İvan Neparatovun sənədləri – doğum və ölüm haqqında şəhadətnamələr, habelə medalın fotoşəkilləri və təltif sərəncamından çıxarış nəşrin əlinə keçib.
Sənədlərə görə, Neparatov avqustun 5-də Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində başından yaralanaraq ölüb.
Maraqlıdır ki, 2013-cü ildə Moskva Vilayət Məhkəməsi Neparatovu Moskva vilayətinin Serqiyevo-Posadski rayonunda 2009-2010-cu illərin cinayətlərinə dair iş üzrə ciddi və xüsusi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib. Neparatov və daha 8 nəfər beş qətl, üç quldurluq, hədə-qorxu ilə pul tələb etmə, dələduzluq, qanunsuz silah saxlama və digər cinayətlərdə təqsirli bilinib. Nəticədə Neparatov 12 il həbsdə qaldıqdan sonra Ukraynaya döyüşməyə gedib.
Qeyd edək ki, iyul ayından bəri KİV Rusiya koloniyalarında məhbusların müharibədə, o cümlədən özəl hərbi şirkətlərin (ÖHŞ) tərkibində iştirak etmək üçün cəlb olunduğundan yazır. Bəzi koloniyalara “Vaqner” ÖHŞ ilə əlaqəsi olan Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojinin şəxsən ziyarət etdiyi bildirilir.