“Son 3-4 gündə düşmən eyni yerdə 2 bölük itirib. Hazırda yaralıların təxliyəsi ilə məşğul olurlar.”
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynanın Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitaliy Kim bildirib.
“Digər tərəfdən, uğurlarımızı davam etdirmək üçün hərbi sursat alırıq. Silahlı Qüvvələrimiz arasında itkiləri azaltmaq üçün güc toplayırıq. İrəliləmək və uğur qazanmaq üçün hazırda gücümüzün konsentrasiyası ilə məşğuluq”, – o bildirib.
Kim vurğulayıb ki, döyüşlərdə müəyyən irəliləyişlər var: “Nikolayev vilayəti istiqamətində irəliləyiş kilometrlərlə deyil, Silahlı Qüvvələrimizin mövqeləri baxımından müəyyən edilir. Hazırda hədəflərin vurulması baxımından bizim üstünlüyümüz var. Taktiki üstünlük də bizim tərəfimizdədir. Düşmən böyük itkilər verir”.
Onun sözlərinə görə, vəziyyət bəzən gün ərzində bir neçə dəfə dəyişir: “Konkret bizim istiqamətdə – cənub istiqamətində hadisələr Ukraynanın xeyirinə cərəyan edir. Qısası, bizim uğurlarımız var və bu uğurları inkişaf etdirməyə çalışırıq”.
O vurğulayıb ki, Rusiya işğalçıları qəsdən Nikolayev şəhərinə gələn su xəttini partlatmaqla bura gələn suyu kəsiblər: “Bir insan günə, təxminən, 3-5 litr su içməli, 30-50 litr texniki sudan istifadə edir. Əvvəl ümumiyyətlə su verilmirdi, indi xəttə su buraxmışıq və məişət tələbatının, təxminən, 90%-ni təmin edirik. Bu su bütün təmizləmə mərhələlərindən keçib və yalnız içmək, yemək hazırlamaq üçün yararlı deyil. Avropada da məişətdə texniki sudan istifadə edilir, sadəcə biz öyrəşmişik ki, krandan içməli su gəlsin. İnsanlar üçün içməli su maşınlarla gətirilir. Bu problemi həll etməyin 2 yolu var – ya ABŞ, Kanada, Niderland kimi ölkələrin təcrübəsindən istifadə edərək çay suyu təmizlənməli, ya artezian quyuları qazılmalı, ya da işğal altında olan torpaqları azad edib su mənbəyi üzərində nəzarəti təmin etməliyik. Biz hər 3 istiqamət üzrə iş aparırıq. Quyular artıq qazılır, xarici ölkələrlə texnologiyaların alınması ilə bağlı danışıqlar aparırıq. Hazırda su təminatı 20-30% öz həllini tapıb. Məncə, yaxşısı budur ki, müxtəlif saatlarda içməli su verilməkdənsə, daimi texniki su verilsin. Biz bu istiqamətdə iş aparırıq. Yaxın bir neçə ayda bu məsələ həllini tapmalıdır”.
Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri qeyd edib ki, burada yaşayan insanlar da başqaları kimidir və heç kim müharibə istəmir:
“Amma, bizim olanı da heç kəsə verəsi deyilik. Rusiya telekanallarında deyilənlər isə sadəcə təbliğat xarakterlidir. Rusiyadan bura gələnlərin, o cümlədən hərbçilərin 90-100% bunun əksinin şahidi olurlar. Elə hallar olur ki, analar burada olan oğullarına inanmırlar, ailələrdə mübahisələr olur, çünki televiziya kanallarında göstərilənlər insanların beyinlərini yuyub. Burada İkinci Dünya müharibəsində həlak olanların xatirəsi ədəbiləşdirmək üçün “əbədi məşəl” yanır. Burada nə millətçilər, nə “banderaçılar” yoxdur. Bütün bunlar yalandan başqa bir şey deyil. Biz burada yaşamışıq, nə yaşayacağıq və bizə məxsus olanı da heç kəsə güzəştə getməyəcəyik”.