Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azinformasiya.Az xəbər verir ki, sənəd əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə imzalanıb.
Sənədə əsasən, Səhiyyə Nazirliyi səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın artırılmasına, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunu yaratmalıdır.