Bir müddət əvvəl redaksiyamıza Sumqayıt Texnologiyalar Parkı MMC-ə (STP) məxsus Metaləritmə zavodunun ətraf mühiti kobud şəkildə çirkləndirdiyini əks etdirən videogörüntülər daxil olmuşdu.
“İNFONEWS”-a daxil olan məlumata görə, vətəndaşlar tərəfindən göndərilmiş videogörüntülərdən açıq şəkildə görsənirdi ki, havaya çox miqdarda zəhərli qazlar buraxılmaqla ekologiyaya ağır ziyan vurulur. Sözügedən videomaterialları ürək ağrısı ilə izlədik. Belə ixtisaslı bir müəssisənin zəhərli qazları normalara uyğun filtirasiyadan keçirmədən havaya buraxmaqla sağlam ətraf mühiti kobud şəkildə pozması və öz işinə laqeyid yanaşması bizi məyus etdi.
Vətəndaşlar qeyd edir ki, müəssisənin fəaliyyəti zamanı onun yaxınlığında olan insanların sağlamlığına şiddətli dərəcədə zərər vurulur. Eyni zamanda bu zavodda dəfələlərlə qəza baş vermiş, insanlar xəsarət almışdır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və sanitariya-gigeyena normaları da kobud şəkildə pozulmuşdur.
Hər zaman olduğu kimi bu dəfə də “İNFONEWS” olaraq operativ qaydada məsələ ilə bağlı aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinə müraciət etmişdik. Qurumdan ən qısa müddətdə məsələni araşdıraraq müvafiq tədbir görülüəcəyi bildirilmişdi.
Bugün isə qurumdan “İNFONEWS”-a verilən məlumata görə, havanı çirkləndirən zavodun məsul şəxsi cəzalandırılıb.
Belə ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə məxsus metaləritmə zavodundan havaya qara tüstünün atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Fərid Piriyev “İNFONEWS”-a bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olmasına baxmayaraq, ona texniki xidmət göstərilmədiyi və filtrlərin vaxtaşırı təmizlənmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
“Faktla bağlı zavodun məsul şəxsi Təbriz İbrahimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub və nöqsanların qısa zamanda aradan qaldırılması üçün məcburi göstəriş verilib”.
Müraciətimizə operativ qaydada yanaşdıqlarına və qanunamüvafiq tədbirlər gördüklərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edirik.
Redaksiyamıza daxil olmuş videogörüntüləri təqdim edirik: